9
Hikmət yolu
1 Hikmət evini qurub,
Yeddi dirəyini yonub,
2 Heyvanlarını kəsib,
Şərabını hazırlayıb,
Süfrəsini də düzəldib.
3 Göndərdiyi kənizlər
Şəhərin uca yerlərindən car çəkərlər:
4 «Gəlin bura, ey cahillər!»
Qanmazlara belə deyərlər:
5 «Gəlin, çörəyimdən yeyin,
Hazırladığım şərabdan için.
6 Cəhaləti atın, ömür sürün,
İdrak yolu ilə düz gedin».
7 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar,
Şər adamı danlayan axırda ləkələnər.
8 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər,
Müdrik insanı danlasan, səni sevər.
9 Hikmətliyə öyüd versən, hikmətini artıracaq,
Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10 * Əyy. 28:28; Zəb. 111:10; Sül. 1:7 Rəbb qorxusu hikmətin başlanğıcıdır,
Müqəddəsi tanımaq idraklı olmaqdır.
11 Hikmətin vasitəsilə ömrün-günün çoxalar,
Həyatına illər əlavə olar.
12 Əgər hikmət qazansan, özünə xeyir verərsən,
Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
Axmaqlıq yolu
13 Axmaq qadın hay-küy salır,
Cahildir, heç nə qanmır.
14 O, evinin qapısı önündə oturub,
Şəhərin uca yerlərində kətil üstə əyləşib,
15 Yoldan ötənləri,
Düz yolda olanları çağırır:
16 «Bura gəlin, ey cahillər!»
Qanmazlara belə deyir:
17 «Oğurluq su şirin olar,
Gizli yeyilən çörəyin başqa ləzzəti var».
18 Lakin yanına gələnlər bilməzlər ki,
Orada ölüm var,
Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.