8
Hikmətin nitqi
* Sül. 1:20-21 Məgər hikmət çağırmırmı,
Məgər dərrakə səsləmirmi
Uca yerlərdə, yol kənarında,
Yollar ayrıcında dayanıb?
Darvazaların yanında, şəhərin qarşısında,
Qapıların kandarında çağırır:
«Ey insanlar, mən sizi səsləyirəm,
Ey bəşər övladları, sizə xitab edirəm.
Ey cahillər, uzaqgörən olun,
Ey axmaqlar, ağıllanın.
Dinləyin, əla şeylərdən danışıram,
Dilimdən düz sözlər çıxır.
Ağzım həqiqət söyləyir,
Dilim şərdən iyrənir.
Ağzımdan yalnız salehlik sözləri çıxır,
Sözlərimdə nə əyrilik, nə də ki yalan var.
Anlayanlar üçün hər şey aydındır,
Bilik qazananlar üçün bu bir həqiqətdir.
10 Gümüşü yox, tərbiyəmi qəbul edin,
Saf qızıldan çox biliyi seçin.
11 Çünki hikmət yaqutdan qiymətlidir,
İnsanın könlü istəyən şeylər ona tay deyil.
 
12 Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb,
Biliyi, dərrakəni tapmışam.
13 Rəbb qorxusu pisliyə nifrət etməkdir,
Lovğalığa, təkəbbürə, pis yola,
Hiyləli dilə nifrət edərəm.
14 Nəsihət, sağlam şüur mənimdir,
İdrak mənəm, qüvvəm var.
15 Mənim vasitəmlə şahlar hökmranlıq edir,
Hökmdarlar ədalətli fərman verir.
16 Ədalətli hakim olan bütün başçılar və əsilzadələr
Mənim vasitəmlə hökm verir.
17 Məni sevənləri sevirəm,
Məni səylə axtaran tapır.
18 Sərvət və şərəf,
Dağılmaz var-dövlət və salehlik yanımdadır.
19 Barım qızıldan, saf qızıldan dəyərlidir,
Bəhərim gümüşdən qiymətlidir.
20 Mən salehlik yolunda,
Ədalət yollarının ortasında gəzərəm.
21 Məni sevənləri sərvətə çatdıraram,
Xəzinələrini dolduraram.
 
22  * Vəhy 3:14-15 Rəbb Öz yolunun başlanğıcında,
Hər işindən əvvəl mənə malik oldu.
23 Yaradılışın əzəlindən,
Dünya yaranmazdan əvvəl mən var idim.
24 Dərin sular olmazdan əvvəl,
Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
25 Dağlar yaradılmazdan əvvəl,
Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
26 Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
27 Göyləri yaradanda,
Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
28 Buludları yuxarıda yerləşdirəndə,
Dərinlikdə bulaqları bağlayanda,
29 Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə,
Yerin bünövrələrini təyin edəndə
30 Rəbbin yanında memar idim.
Hər gün fərəhlənirdim,
Hüzurunda həmişə sevinirdim.
31 Yaratdığı aləmə görə sevinirdim,
Bəşər övladlarına görə fərəhlənirdim.
 
32 İndi, ey övladlar, mənə qulaq asın:
Yoluma bağlı qalan nə bəxtiyardır!
33 Verdiyim tərbiyəyə qulaq asın,
Hikmət alın, onu bir tərəfə atmayın.
34 Mənə qulaq asan,
Hər gün darvazalarım qarşısında duran,
Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!
35 Çünki məni tapan həyat tapar,
Rəbbi razı salar.
36 Məni əldən verən canına qəsd edər,
Mənə nifrət edənlərin hamısı ölümü sevər».

*8:1 Sül. 1:20-21

*8:22 Vəhy 3:14-15