8
Yeddi çıraq
1 * Çıx. 25:31-40; 37:17-24 Rəbb Musaya belə dedi: 2 «Haruna de: “Yeddi çırağı elə qoy ki, çıraqdanın önünü işıqlandırsın”».
3 Harun belə etdi; Rəbbin Musaya əmr etdiyi kimi çıraqları çıraqdanın önündə yerləşdirdi. 4 Çıraqdanın quruluşu belə idi: altlığından gül təsvirlərinə qədər yastılanmış qızıldan hazırlanmışdı. Çıraqdan Rəbbin Musaya göstərdiyi nümunəyə görə düzəldilmişdi.
Levililərin təyin edilməsi
5 Rəbb Musaya dedi: 6 «İsrail övladlarının arasından Levililəri götür və onları pak et. 7 Onları pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb geyimlərini yusunlar. Beləliklə, pak olarlar. 8 O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür. 9 Levililəri Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla. 10 Levililəri Rəbbin önünə gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar. 11 Harun yellətmə təqdimi olaraq İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər. 12 Levililər əllərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun. 13 Levililəri Harunla oğullarının önündə dayandır. Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən.
14 Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun. 15 Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər. 16 Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm. 17 * Çıx. 13:2 İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim. 18 Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə Levililəri götürdüm. 19 İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar».
20 Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. 21 Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar. 22 Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər.
23 Rəbb Musaya belə dedi: 24 «Bu qanun Levililərə aiddir. İyirmi beş yaş və ondan yuxarı olanlar Hüzur çadırının işini görmək üçün içəri girsinlər. 25 Əlli yaşa çatanda isə gördükləri xidmətlərini dayandırıb daha işləməməlidirlər. 26 Hüzur çadırında öz vəzifələrini yerinə yetirən qardaşlarına yardım edə bilərlər, lakin özləri xidmət etməsinlər. Levililərin vəzifələrini belə qaydaya sal».