37
Əhd sandığının düzəldilməsi
(Çıx. 25:10-22)
1 Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. 2 Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu. 3 Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı, qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. 4 Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü. 5 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi.
6 Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. 7 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. 8 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. 9 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.
Təqdis çörəkləri üçün masanın düzəldilməsi
(Çıx. 25:23-30)
10 Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. 11 Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu. 12 Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. 13 Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. 14 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. 15 Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. 16 Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə təqdimlərini tökmək üçün dolçaları düzəltdi.
Qızıl çıraqdanın düzəldilməsi
(Çıx. 25:31-40)
17 Xalis qızıldan bir çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. 18 Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. 19 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi. 20 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. 21 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. 22 Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. 23 Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi. 24 Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.
Buxur yandırmaq üçün qurbangahın düzəldilməsi
(Çıx. 30:1-5; 30:22-38)
25 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. 26 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. 27 Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. 28 Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.
29 * Çıx. 30:22-38 Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı.