9
Kənan padşahlarının İsraillilərlə vuruşmaq üçün yığılması
1 İordan çayının qərb tərəfində dağlıqda, yamaclı-düzənlikli bölgədə, Livana qədər uzanan Böyük dənizin sahilində yaşayan Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevusluların padşahları bunu eşidən zaman 2 Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar.
Giveon əhalisinin İsraillilərlə hiyləgərcəsinə sülh bağlaması
3 Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə 4 hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər. 5 Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi. 6 Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin». 7 * Çıx. 23:32; 34:12; Qanun. 7:2 İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?» 8 Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?» 9 Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri, 10 * Say. 21:21-35 İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik. 11 Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”. 12 Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib. 13 Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib».
14 İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar. 15 Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər.
16 Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır. 17 İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi. 18 İsraillilər onları qırmadılar, çünki icma rəhbərləri onlar üçün İsrailin Allahı Rəbbə and içmişdilər. Bütün icma rəhbərlərin əleyhinə danışdı. 19 Rəhbərlərin hamısı icmaya dedi: «Biz onlar üçün İsrailin Allahı Rəbbə and içdik ki, onlara toxunmayaq. 20 Ona görə də belə edək: onları sağ buraxaq, yoxsa içdiyimiz anda görə üzərimizə qəzəb gələr». 21 Rəhbərlər xalqa dedi: «Qoy onlar sağ qalsın, amma bütün icma üçün odun kəsən və su daşıyan olsunlar». Beləcə hər şey rəhbərlər deyən kimi oldu.
22 Yeşua onları çağırıb belə dedi: «Aramızda yaşadığınız halda “biz sizdən çox uzağıq” deyərək bizi nə üçün aldatdınız? 23 İndi lənətlənmisiniz və siz həmişəlik Allahımın evi üçün odun kəsən və su daşıyan kölələr olmalısınız». 24 Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik. 25 Artıq sənin əlindəyik. Sənin gözündə nə xoşdursa və nə doğrudursa, onu et». 26 Yeşua onlarla belə rəftar etdi: onları İsrail övladlarının əlindən qurtarıb qoymadı ki, öldürülsünlər. 27 O gün Yeşua icma üçün və Rəbbin seçəcəyi yerdəki öz qurbangahı üçün onları odun kəsən və su daşıyan işinə təyin etdi və bu günə qədər də belədir.