43
Yeremyanın Misirə aparılması
1 Yeremya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, Onun Yeremya vasitəsilə onlara nazil etdiyi hər şeyi söyləməyi qurtaranda 2 Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. 3 Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik edir ki, Xaldeylilər bizi öldürsün yaxud da Babilə sürgün etsin». 4 Qareah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yəhuda torpağında qalmaq əmrinə qulaq asmadı. 5 * 2Pad. 25:26 Əksinə, Qareah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yəhuda torpağında sakin olmaq üçün qayıdan Yəhudalıların qalanını – 6 kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər. 7 Onlar Rəbbin sözünə qulaq asmayıb Misir torpağına getdi və Taxpanxesə çatdı.
8 Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu: 9 «Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət. 10 Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq. 11 * Yer. 15:2; Vəhy 13:10 O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək. 12 Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. 13 O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”».