2
Məbədin bərpasının tərənnümü
1 Yeddinci ayın iyirmi birində peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2 «İndi Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə, baş kahin Yehosadaq oğlu Yeşuaya və xalqın sağ qalanlarına belə söylə: 3 * Ezra 3:12 “Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdür? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi?” 4 Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir: 5 * Çıx. 29:45-46 “Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!”
6 * Haq. 2:21; İbr. 12:26 Budur, Ordular Rəbbi belə deyir: “Tezliklə Mən göyləri, yeri, dənizi, torpağı bir də lərzəyə gətirəcəyəm! 7 Bütün millətləri lərzəyə salacağam; bütün millətlərin var-dövləti gələcək və bu evi əzəmətlə dolduracağam”. Ordular Rəbbi belə deyir. 8 “Bütün qızıl-gümüş Mənimdir”. Ordular Rəbbi belə bəyan edir. 9 Ordular Rəbbi belə deyir: “İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əmin-amanlıq verəcəyəm”. Ordular Rəbbi belə bəyan edir».
Məzəmmət və vəd
10 Daranın hakimiyyətinin ikinci ili, doqquzuncu ayın iyirmi dördündə Rəbbin sözü peyğəmbər Haqqaya nazil oldu. 11 Ordular Rəbbi belə deyir: «Qanun haqqında kahinlərə bir müraciət edin: 12 “Kimsə cübbəsinin ətəyində təqdis olunmuş ət gəzdirən zaman ətəyi ilə çörəyə, şorbaya, şəraba, zeytun yağına və yaxud hər hansı bir ərzağa toxunarsa, bunlar təqdis olunarmı?”» Kahinlər bu suala «xeyr» deyə cavab verdi. 13 * Say. 19:11-22 Haqqay dedi: «Bəs ölü cəsədə toxunub murdarlanan bir adam həmin ərzaqlardan birinə toxunarsa, bu ərzaq murdar olarmı?» Kahinlər cavab verdi: «Murdar olar».
14 Haqqay sonra belə dedi: «Rəbb belə bəyan edir: “Bu xalq – bu millət Mənim gözümdə belədir. Onların hər əməli belədir. Mənə təqdim etdikləri hər şey murdardır. 15 İndi rica edirəm, bu gündən etibarən nə olacağını dərindən düşünün. Rəbbin məbədinin daşı daş üstünə qoyulmazdan əvvəl işləriniz necə gedirdi? 16 O zaman hər kim iyirmi kisə məhsul gözləyirdisə, on kisə olurdu. Şərab çənindən kim əlli qab şərab çəkmək istəyirdisə, iyirmi qablıq şərab tapırdı”. 17 Rəbb belə bəyan edir: “Özünüzü və əllərinizin bütün zəhmətini səmum küləyi, kif və dolu ilə vurdum. Yenə Mənə sarı dönmədiniz. 18 Rica edirəm, dərindən düşünün. Bu gün doqquzuncu ayın iyirmi dördündən – Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün. 19 Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”»
Rəbbin Zerubbabilə dediyi söz
20 Rəbbin bu sözü Haqqaya ikinci dəfə ayın iyirmi dördündə nazil oldu: 21 «Yəhuda valisi Zerubbabilə belə de: “Mən göyləri və yeri lərzəyə gətirəcəyəm. 22 Padşahlıqların taxt-taclarını alt-üst edəcəyəm. Millətlərin padşahlıqlarının gücünü darmadağın edəcəyəm. Döyüş arabaları ilə sürücülərini aşıracağam, atlarla süvarilər yerə səriləcəklər. Hamı qardaş qılıncı ilə qırılacaq”».
23 Ordular Rəbbi bəyan edir: «Ey qulum Şealtiel oğlu Zerubbabil, o gün səni götürüb möhürlü üzük edəcəyəm, çünki səni seçdim». Rəbb bu sözləri dedi. Bu, Ordular Rəbbinin bəyanıdır.