31
Hüzur çadırı üçün ustalar
(Çıx. 35:30–36:1)
1 Rəbb Musaya dedi: 2 «Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb, 3 onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki, 4 qızıl, gümüş və tuncla işləməyi bacarsın, 5 daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. 6 Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər: 7 Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını, 8 masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını, 9 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını, 10 toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, 11 məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər».
Şənbə istirahət günü
12 Rəbb Musaya dedi: 13 «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. 14 Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun. 15 * Çıx. 20:8-11; 23:12; 34:21; 35:2; Lev. 23:3; Qanun. 5:12-14 Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir. 16 İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər. 17 * Çıx. 20:11 Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”».
18 Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi.