3
Başan padşahı Oq üzərində qələbə
(Say. 21:31-35)
1 * Say. 21:33-34 Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı. 2 Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”. 3 Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb 4 bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi. 5 Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi. 6 Xeşbon padşahı Sixonun başına gətirdiyimiz kimi onları da qırıb kişi, qadın və uşaqları ilə bərabər şəhərlərin hamısını tamamilə məhv etdik. 7 Bütün heyvanları götürüb şəhərləri talan etdik.
8 Beləcə o vaxtlar Arnon vadisindən Xermon dağına qədər olan İordan çayının şərqindəki Emorluların iki padşahının əlindən ölkəni aldıq. 9 Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər. 10 Yaylada olan bütün şəhərləri, bütün Gileadı, Oqun Başan ölkəsindəki şəhərləri olan Selka və Edreiyə qədər bütün Başan torpağını aldıq.
11 Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.
İordan çayının şərq torpaqlarının paylaşdırılması
(Say. 32:1-42)
12 O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim. 13 Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi. 14 Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır. 15 Gileadı Makirə verdim. 16 Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi. 17 * Yeşua 1:12-15 Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı.
18 O vaxtlar sizə əmr edib dedim: “Bu torpağı mülk olaraq almaq üçün Allahınız Rəbb sizə verdi. Siz – bütün cəngavərlər silahlanaraq soydaşlarınız İsrail övladlarının qarşısında gedin. 19 Hər biriniz sizə verdiyim şəhərlərə sonralar qayıda bilərsiniz”. 20 Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar.
21 O vaxtlar Yeşuaya əmr edib dedim: “Allahınız Rəbbin bu iki padşahın başına gətirdiyi hər şeyi gözlərinizlə gördünüz. Rəbb keçəcəyiniz bütün ölkələrdə belə edəcək. 22 Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!”
Rəbb Musaya İordan çayını keçməyə izin vermir
23 * Say. 27:12-14; Qanun. 32:48-52 O zaman Rəbbə yalvararaq dedim: 24 “Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın. Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun! 25 Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı – o gözəl dağlıq bölgəsini və Livanı görüm”. 26 Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, ona görə də məni eşitmədi və dedi: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə! 27 Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba və şərqə göz gəzdir. Qoy gözlərin oraları görsün, çünki sən İordan çayını keçməyəcəksən. 28 Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”. 29 Buna görə də Bet-Peor qarşısında olan dərədə dayandıq.