9
Süleyman və Səba mələkəsi
(1Pad. 10:1-13)
1 * Mat. 12:42; Luka 11:31 Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. 2 Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. 3 Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı, 4 süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi. 5 O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. 6 Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən. 7 Sənin adamların nə bəxtiyardır və bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. 8 Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu». 9 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi.
10 Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər. 11 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi. 12 Padşah Süleyman Səba mələkəsinin arzuladığı və istədiyi bütün şeyləri ona verdi; bu, mələkənin padşaha gətirdiklərindən də çox idi. Sonra mələkə əyanları ilə birgə qayıdıb öz ölkəsinə getdi.
Süleymanın var-dövləti
(1Pad. 10:14-25)
13 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. 14 Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirərdi. 15 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi. 16 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.
17 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü. 18 Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətili var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi. 19 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi. 20 Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı. 21 Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.
22 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. 23 Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi. 24 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi. 25 * 1Pad. 4:26 Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 26 * Yar. 15:18; 1Pad. 4:21 O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi. 27 * Qanun. 17:17 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 28 * Qanun. 17:16 Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi.
Süleymanın ölümü
(1Pad. 11:41-43)
29 Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhylərində yazılmışdır. 30 O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi. 31 Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.