15
Allahın İbramla əhdi
1 Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 2 İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». 3 İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». 4 Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». 5 * Rom. 4:18; İbr. 11:12 Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 6 * Rom. 4:3,9,22; Qal. 3:6; Yaq. 2:23 İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
7 Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». 8 İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» 9 Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». 10 İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı. 11 Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu.
12 Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. 13 * Çıx. 1:1-14; Həv. 7:6 Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. 14 * Çıx. 12:40-41; Həv. 7:7 Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. 15 Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən. 16 Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».
17 Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış heyvanların arasından keçdi. 18 * Həv. 7:5 O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – 19 Qenlilərin, Qenizlilərin, Qadmonluların, 20 Xetlilərin, Perizlilərin, Rafalıların, 21 Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm».