13
Günahdan təmizlənmə
1 O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq. 2 O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi. 3 «Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək. 4 O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək. 5 O deyəcək: “Mən peyğəmbər deyiləm, əkinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”.
6 O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək.
Çobanın həlakı
7 * Mat. 26:31; Mark 14:27 Oyan, ey qılınc,
Çobanımın, yaxınımın üstünə get»
Bəyan edir Ordular Rəbbi.
«Çobanı vur,
Qoyunları pərən-pərən olsun.
Mən də əlimi kiçiklərə qarşı qaldıracağam.
8 Bütün ölkədə
Xalqın üçdə ikisi vurulub-öldürüləcək,
Üçdə biri isə sağ qalacaq»
Bəyan edir Rəbb.
9 «Qalan üçdə birini oda salacağam,
Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm.
Qızılı yoxlayan kimi yoxlayacağam.
Onlar Mənim adımı çağıracaq,
Mən də onlara cavab verib
“Bunlar Mənim xalqımdır” deyəcəyəm,
Onlar da “Rəbb Allahımızdır” deyəcək.