119
Məzmur 119
Alef* Məzmur 119-da hər səkkiz ayə ibrani əlifba sırası ilə başlayır.
Nə bəxtiyardır öz yolunda kamil olanlar,
Rəbbin qanununa görə yaşayanlar.
Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər,
Bütün qəlbi ilə Onu axtaranlar.
Həqiqətən, onlar fitnəkarlıq etməzlər,
Rəbbin yolunda gəzərlər.
Sən qayda-qanunlarını qoydun,
Bunlara bağlı qalmağı buyurdun.
Sənin qaydalarına bağlı qalmaq üçün
Kaş tutduğum yolda möhkəm olaydım.
Onda xəcalət çəkməzdim,
Sənin bütün əmrlərindən gözümü çəkməzdim.
Adil hökmlərini öyrənərkən
Sənə düz qəlblə şükür edəcəyəm.
Sənin qaydalarına əməl edəcəyəm,
Sən məni tamamilə tərk etmə!
Bet
Bir cavan yolunu necə təmiz saxlaya bilər?
– Sənin sözlərinə bağlı qalmaqla.
10 Bütün qəlbimlə Səni axtarmışam,
Qoyma əmrlərindən çıxım.
11 Sənə qarşı günah etməyim deyə
Kəlamını qəlbimdə qoruyub saxlamışam.
12 Ya Rəbb, Sənə alqış olsun!
Qaydalarını mənə öyrət.
13 Ağzından çıxan hər hökmü
Dilimlə bəyan edirəm.
14 Göstərişlərinin ardınca gedərkən sevinirəm,
Elə bil bolluca var-dövlətə çatmışam.
15 Qayda-qanunlarını dərindən düşünürəm,
Sənin yollarından gözümü çəkmirəm.
16 Qaydalarından zövq alıram,
Sözünü unutmuram.
Gimel
17 Quluna comərdliyini göstər,
Qoy yaşayım və sözünə bağlı qalım.
18 Gözlərimi aç ki,
Qanununun xariqələrini görüm.
19 Əmrlərini məndən gizlətmə,
Çünki mən bu dünyada bir qəribəm,
20 Hökmlərinin həsrətini çəkməkdən
Hər zaman ürəyim ağrıyır.
21 Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin,
Çünki onlar lənətləndi.
22 Həqarəti, tənəni məndən uzaq et,
Göstərişlərinə əməl etmişəm.
23 Başçılar yığılıb mənim üçün qəsd qurdular,
Lakin mən qulun qaydalarını dərin düşünürəm.
24 Göstərişlərin mənə zövq verir,
Onlar mənim məsləhətçilərimdir.
Dalet
25 Mən torpağa düşmüşəm,
Öz sözünə görə məni həyata qaytar.
26 Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin,
Mənə qaydalarını öyrət.
27 Qayda-qanunlarının yollarını mənə Özün izah et,
Xariqələrin barədə dərin düşünüm.
28 Kədərdən canım üzülüb,
Öz sözünə görə mənə güc ver.
29 Məni yanlış yoldan uzaqlaşdır,
Qanununa görə mənə lütf göstər.
30 Mən sədaqət yolunu seçdim,
Hökmlərini gözümün önünə gətirdim.
31 Sənin göstərişlərindən yapışmışam,
Ya Rəbb, qoyma xəcalətli qalım.
32 Qəlbimin düşüncəsini genişləndirərkən
Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
He
33 Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət,
Onlara axıradək əməl edəcəyəm.
34 Mənə ağıl ver, qanununa görə yaşayım,
Bütün qəlbimlə ona bağlanım.
35 Mənə əmrlərinin yollarını göstər,
Bu yollardan zövq alaram.
36 Qəlbimi haram qazanca deyil,
Göstərişlərinə tərəf yönəlt.
37 Qoyma gözlərim fani şeylərə baxsın,
Öz yolunda mənə həyat bəxş et.
38 Səndən qorxanlara verdiyin vədini
Qulun üçün həyata keçirt.
39 Qorxduğum tənələri məndən sovuşdur,
Sənin hökmlərin nə yaxşıdır!
40 Qayda-qanunlarının həsrətini çəkirəm,
Salehliyinlə məni yaşat.
Vav
41 Ya Rəbb, mənə məhəbbətini göstər,
Kəlamına görə məni qurtar!
42 Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm,
Çünki Sənin sözlərinə güvənirəm.
43 Qoy həqiqət kəlamı dilimdən düşməsin,
Çünki Sənin hökmlərinə ümid bağlamışam.
44 Daim, əbədi olaraq
Qanununa bağlı qalacağam.
45 Azad gəzib-dolaşacağam,
Çünki qayda-qanunlarını axtarmışam.
46 Padşahların hüzurunda göstərişlərindən danışacağam,
Bundan utanmayacağam.
47 Sənin əmrlərindən zövq alıram,
Onları sevirəm.
48 Sevdiyim əmrlərinə tərəf əl açacağam,
Sənin qaydalarını dərindən düşünəcəyəm.
Zayin
49 Sən quluna verdiyin sözü xatırla,
Bu sözünlə mənə ümid vermisən.
50 Əzab çəkəndə bundan təsəlli tapıram ki,
Kəlamın məni həyata qaytaracaq.
51 Lovğalar mənə çox istehza etdilər,
Amma Sənin qanunundan dönmədim.
52 Əzəldən var olan hökmlərini xatırladıqca,
Ya Rəbb, bunlardan təsəlli tapıram.
53 Qanununu atan pisləri görərkən
Qəzəb məni bürüyür.
54 Sənin qaydalarını bu qürbət eldə
İlahi tək oxuyuram.
55 Hər gecə adını yadıma salıram,
Ya Rəbb, qanununa bağlı qalıram.
56 Bu mənə bir adət oldu,
Sənin qayda-qanunlarını yerinə yetirdim.
Xet
57 Ya Rəbb, mənim nəsibimsən,
Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
58 Bütün qəlbimlə Sənə yalvarıram,
Sən Öz kəlamına görə mənə lütf göstər.
59 Tutduğum yollara nəzər salmışam,
Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
60 Əmrlərinə bağlanmaq üçün tələsirəm,
Bunun üçün ləngimirəm.
61 Pis adamlar mənə kəmənd atarkən
Qanununu unutmadım.
62 Adil hökmlərinə görə Sənə şükür etmək üçün
Gecə yarısı qalxıram.
63 Səndən qorxanların hamısı ilə,
Qayda-qanunlarına bağlı qalanlarla dostam.
64 Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb,
Mənə qaydalarını öyrət.
Tet
65 Ya Rəbb, verdiyin sözə görə
Quluna xeyirxahlıq etmisən.
66 Mənə ağıl, bilik öyrət,
Çünki əmrlərinə inanıram.
67 Əzaba düşməzdən əvvəl yoldan azırdım,
Amma indi mən kəlamına bağlıyam.
68 Nə qədər yaxşısan, xeyirxahlıq edirsən!
Mənə qaydalarını öyrət.
69 Lovğalar yalanları ilə mənə qara yaxırlar,
Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
70 Onların ürəkləri piylənərək daş bağlayıb,
Mənsə qanunundan zövq alıram.
71 Çəkdiyim əzabın xeyri mənə bu olub:
Sənin qaydalarını öyrənirəm.
72 Ağzından çıxan qanun mənim üçün
Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
Yod
73 Əllərinlə yaranmışam, mənə surət vermisən,
Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
74 Səndən qorxanlar məni görərkən sevinsinlər,
Çünki Sənin sözünə ümid bağlamışam.
75 Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir,
Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
76 Quluna verdiyin kəlama görə
Məhəbbətin mənə təsəlli versin.
77 Mənə mərhəmət et ki, yaşayım,
Çünki qanunundan zövq alıram.
78 Mənim barəmdə yalan danışan lovğaları utandır,
Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
79 Səndən qorxanlar yanıma gəlsin,
Onlar Sənin göstərişlərini bilənlərdir.
80 Qaydalarına görə mənim qəlbim kamil olsun,
Qoy heç zaman xəcalət çəkməyim!
Kaf
81 Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb,
Sözünə ümid bağlamışam.
82 Sözünün intizarından gözümün nuru sönür.
Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
83 Tüstü içindəki tuluq kimi oldum,
Amma qaydalarını unutmuram.
84 Qulun daha nə qədər gözləsin?
Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
85 Qanununu pozan lovğa insanlar
Mənim üçün quyu qazıblar.
86 Sənin bütün əmrlərin etibarlıdır.
Kömək et! Məni yalançı insanlar təqib edir.
87 Az qaldı ki, yer üzündən məni yox etsinlər,
Lakin qayda-qanunlarından çıxmamışam.
88 Məhəbbətinə görə mənə həyat ver,
Ağzından çıxan göstərişlərə bağlı qalım.
Lamed
89 Ya Rəbb, sözün əbədidir,
Göylərdədir, dəyişməzdir.
90 Sədaqətin nəsildən-nəslə çatır,
Yer üzünü Sən qurmusan, möhkəm qalır.
91 Hökmlərinə görə bu günədək hər şey qalır,
Onlar Sənin xidmətində dayanırlar.
92 Sənin qanunundan zövq almasaydım,
Əzab çəkməkdən həlak olardım.
93 Qayda-qanunlarını heç vaxt unutmaram,
Çünki onlarla məni həyata qaytarmısan.
94 Qurtar məni, mən Səninəm,
Qayda-qanunlarını axtarmışam.
95 Pislər məni öldürmək üçün pusqu qurarkən
Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
96 Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur,
Sənin əmrlərin isə sərhəd tanımır.
Mem
97 Qanununu nə qədər sevirəm!
Həmişə onun üzərində dərindən düşünürəm.
98 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir,
Çünki onlar həmişə mənimlədir.
99 Bütün müəllimlərimdən daha aqil olmuşam,
Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
100 Ağsaqqallardan da artıq dərrakəliyəm,
Çünki qayda-qanunlarına əməl edirəm.
101 Ayağımı hər pis yoldan kənar qoydum ki,
Sözlərinə bağlı qalım.
102 Hökmlərindən dönməmişəm,
Çünki məni Sən belə öyrətmisən.
103 Vədlərin damağıma necə də ləzzət verir!
Onlar dilimdə baldan şirindir.
104 Qayda-qanunlarına görə dərrakəliyəm,
Buna görə hər yanlış yola nifrət edirəm.
Nun
105 Sözün addımıma çıraqdır,
Yollarıma işıqdır.
106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm,
Yerinə yetirəcəyəm.
107 Ya Rəbb, nə qədər əzab çəkmişəm!
Öz sözünə görə həyatımı qoru.
108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et,
Mənə Öz hökmlərini öyrət.
109 Həyatım daim təhlükəyə düşdü,
Amma qanununu unutmadım.
110 Pislər mənə tələ quranda belə,
Mən Sənin qayda-qanunlarını pozmadım.
111 Əbədilik Sənin göstərişlərinə malikəm,
Çünki onlar qəlbimə sevinc verir.
112 Qəlbimi əbədilik, sonsuzadək
Qaydalarına əməl etməyə meyl etdirmişəm.
Samek
113 İkiüzlü insanlara nifrət edirəm,
Qanununu isə sevirəm.
114 Sən pənahgahım, sipərimsən,
Sözünə ümid bağlamışam.
115 Siz ey pislər, məndən uzaq olun!
Qoy Allahımın əmrlərinə əməl edim.
116 Kəlamınla mənə dayaq ol ki, yaşayım,
Ümidim boşa çıxmasın, utanmayım.
117 Özün mənə dayaq ol, qoy mən nicat tapım,
Sənin qaydalarını həmişə nəzərimdə tutum.
118 Qaydalarını atanları Özündən kənar edirsən,
Çünki onların bütün fəndləri boşdur.
119 Yer üzünün bütün pislərini tullantı hesab edirsən,
Buna görə göstərişlərini sevirəm.
120 Zəhmindən bədənim lərzəyə gəlir,
Hökmlərindən çox qorxuram.
Ayin
121 Ədalətli, düz işlər görmüşəm,
Məni zülmkarlara təslim etmə.
122 Qulunun xeyri üçün zamin dur,
Qoyma lovğa insanlar mənə zülm etsin.
123 Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən
Gözümün nuru sönür.
124 Quluna məhəbbət göstər,
Qaydalarını mənə öyrət.
125 Qulunam, mənə ağıl ver ki,
Sənin göstərişlərini dərk edim.
126 Ya Rəbb, insanlar qanununu pozdular,
Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
127 Qızıldan, saf qızıldan çox
Sənin əmrlərini sevirəm.
128 Bəli, bütün qayda-qanunlarına görə
Mən düz yolla gedirəm,
Bütün səhv yollarasa nifrət edirəm.
Pe
129 Göstərişlərinin heyrətamizliyinə görə
Onlara ürəkdən əməl edirəm.
130 Kəlamının açıqlanması nur saçır,
Hər nadanı ağıllandırır.
131 Ağız açıb ah-zar edirəm,
Çünki əmrlərinin həsrətini çəkirəm.
132 Adını sevənlər üçün etdiyin adətə görə
Mənə bax və lütf göstər.
133 Kəlamınla addımlarımı möhkəmləndir,
Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134 Məni insanların zülmündən qurtar,
Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135 Üzün qulunun üstünə nur saçsın,
Sən mənə qaydalarını öyrət.
136 Gözlərimdən sellər kimi yaş axır,
Çünki insanlar qanununa bağlı qalmırlar.
Sade
137 Ya Rəbb, adilsən,
Hökmlərin doğrudur.
138 Buyurduğun göstərişlər ədalətlidir,
Onlar tamamilə etibarlıdır.
139 Qeyrətim məni yandırıb-yaxıb,
Çünki düşmənlərim Sənin sözlərini unudub.
140 Sənin kəlamın çox safdır,
Bu qulun onu sevir.
141 Kiçik sayılsam da, mənə xor baxsalar da,
Qayda-qanunlarını unutmamışam.
142 Salehliyin əbədi salehlikdir,
Sənin qanunun həqiqətdir.
143 Başıma sıxıntı və məşəqqət gəldi,
Amma Sənin əmrlərin mənə zövq verdi.
144 Sənin göstərişlərin həmişə ədalətlidir,
Mənə ağıl ver ki, yaşayım.
Qof
145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm,
Sənin qaydalarına əməl edəcəyəm.
146 Səni səslədim, məni qurtar,
Qoy göstərişlərinə bağlı qalım.
147 Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram,
Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
148 Gecə boyu gözümə yuxu getmir,
Kəlamını dərindən düşünürəm.
149 Məhəbbətinə görə mənim səsimi eşit,
Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
150 Şər ardınca qaçanlar mənə yaxınlaşdılar,
Onlar Sənin qanunundan uzaqlaşdılar.
151 Ya Rəbb, Sən mənə yaxınsan,
Bütün əmrlərin həqiqətdir.
152 Göstərişlərini lap əvvəldən öyrənirəm,
Əbədi qalsın deyə öyüdlərini verdin.
Reş
153 Çəkdiyim əzabı gör, məni qurtar,
Çünki qanununu unutmamışam.
154 Münaqişəmi həll edib Özün məni azad et,
Mənə kəlamına görə həyat bəxş et.
155 Pislər qurtuluşdan uzaqdır,
Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156 Ya Rəbb, mərhəmətin çoxdur,
Hökmlərinə görə məni yaşat.
157 Düşmənlərim, məni təqib edənlər çoxdur,
Lakin Sənin göstərişlərindən dönmədim.
158 Bu xainlərə ikrahla baxıram,
Çünki Sənin vədinə bağlı qalmayıblar.
159 Sənin qayda-qanunlarını gör nə qədər sevirəm,
Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160 Sözlərinin mahiyyəti həqiqətdir,
Bütün ədalətli hökmlərin əbədidir.
Sin və Şin
161 Başçılar boş yerə məni təqib edir,
Amma ürəyim Sənin sözlərindən qorxur.
162 Çoxlu qənimət tapan bir insan kimi
Sənin kəlamın məni sevindirir.
163 Yalandan zəhləm gedir, iyrənirəm,
Çünki qanununu sevirəm.
164 Ədalətli hökmlərinə görə
Hər gün yeddi dəfə Sənə həmd edirəm.
165 Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar,
Onlar heç nə ilə büdrəməzlər.
166 Ya Rəbb, xilasına ümid bəsləmişəm,
Əmrlərinə əməl etmişəm.
167 Göstərişlərinə ürəkdən bağlanmışam,
Onları çox sevirəm!
168 Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram,
Çünki bütün yollarım Sənin hüzurundadır.
Tav
169 Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın,
Mənə Öz sözünə görə ağıl ver.
170 Qoy yalvarışım hüzuruna çatsın,
Məni Öz kəlamınla azad et.
171 Qoy dilimdən həmdlər tökülsün,
Mənə qaydalarını öyrətmisən.
172 Sənin kəlamını dilim tərənnüm etsin,
Çünki Sənin bütün əmrlərin ədalətlidir.
173 Sənin əlin mənə kömək etsin,
Çünki Sənin qayda-qanunlarını seçdim.
174 Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm,
Qanunundan zövq alıram.
175 Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum,
Hökmlərin qoy mənə kömək olsun.
176 İtən quzu kimi azmışam, qulunu axtar,
Çünki əmrlərini unutmamışam.

*^ Məzmur 119-da hər səkkiz ayə ibrani əlifba sırası ilə başlayır.