Dördüncü hissə
90
90-106-cı məzmurlar
Məzmur 90
Allah adamı Musanın duası.
Ey Xudavənd, bütün nəsillərdən bəri
Bizə pənah yeri olmusan.
Dağlara təvəllüd verməmişdən əvvəl,
Kainatı, dünyanı doğmazdan əvvəl
Əzəldən axıradək Allah Sənsən.
 
İnsanları torpağa çevirirsən,
Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
* 2Pet. 3:8 Sənin gözündə min il ötən bir günə,
Bir gecə növbəsinə bənzər.
İnsanları silirsən, çəkilirlər,
Elə bil ki yuxudurlar.
Sanki sübh çağı yerdə bitən otdurlar,
Səhər boy atar, çiçək açar,
Axşamsa solar, quruyar.
 
Qəzəbindən məhv oluruq,
Hiddətindən vəlvələyə düşürük.
Hüzurunda təqsirlərimizi üzə çıxarmısan,
Gizli günahlarımıza üzünün işığını salmısan.
 
Ömür-günümüz Sənin qəzəbin altında keçir,
İllərimiz bir nəfəs tək tükənir.
10 Yetmiş il ömür sürərik,
Sağlam olsaq, səksənə yetişərik.
Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir,
Ömrümüz tez bitir, uçub-gedir.
 
11 Axı qəzəbinin gücünü kim dərk edə bilər?
Hirsinin vahiməsini kim duya bilər?
12 Bizə öyrət nə qədər ömrümüz var,
Qoy qəlbimiz hikmətli olsun.
 
13 Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən?
Sən qullarına rəhm et.
14 Səhər-səhər bizə doyunca məhəbbət göstər,
Qoy ömrümüz boyu sevinib fərəhlənək.
15 Bizi zülmə saldığın günlər qədər,
Bəlaya düşdüyümüz illər qədər sevindir.
16 Əməllərin qullarına,
Əzəmətin övladlarına görünsün.
17 Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et,
Əllərimizin zəhmətini uğurlu et,
Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.

*90:4 2Pet. 3:8