82
Məzmur 82
Asəfin məzmuru.
1 Allah Öz toplantısında durub,
Hökmünü verərək allahlar arasında deyir:
2 «Nə vaxtadək nahaq hökm verəcəksiniz,
Pislərə tərəfkeşlik edəcəksiniz?
Sela
3 Yoxsulun və yetimin işinə ədalətlə baxın,
Məzlumun və fəqirin haqqını verin.
4 Yoxsul və möhtacları qurtarın,
Pislərin əlindən onları azad edin.
5 Nə bilirsiniz, nə də ki anlayırsınız!
Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
6 * Yəh. 10:34 Demişəm: “Siz allahlarsınız,
Hər biriniz Haqq-Taala övladlarısınız”.
7 Lakin insan kimi öləcəksiniz,
Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
8 Ey Allah, qalx, dünyaya hakim ol,
Çünki bütün millətlərə Sən sahib olacaqsan!