59
Məzmur 59
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxunan miktamı.
* 1Şam. 19:11 Şaul onu öldürmək üçün evinə adam göndərib pusqu qoyanda.
Ey Allahım, məni düşmənlərimdən qurtar,
Əleyhdarlarımın əlindən hifz et.
Məni şər iş görənlərdən xilas et,
Məni qaniçənlərdən azad et.
 
Canımı almaq üçün məni güdürlər,
Güclülər əleyhimə birləşiblər.
Ya Rəbb, üsyankar, günahkar,
Təqsirkar olmadığım halda
Onlar mənə qarşı qəti tədbir görürlər.
Bir oyan, halımı gör, yardım et,
Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı!
Bütün millətlərə cəza vermək üçün oyan,
Xəyanətkar pislərin heç birinə rəhm etmə.
Sela
 
Bu pis adamlar axşamüstü qayıdırlar,
Köpək kimi mırıldayırlar,
Şəhərdə sülənib-dolaşırlar.
Gör dodaqlarından nələr tökülür,
Ağızlarından qılınclar çıxır.
Onlar zənn edirlər ki, eşidən yoxdur.
Lakin, ya Rəbb, Sən onlara gülürsən,
Bütün millətlərə rişxənd edirsən.
Ey mənə qüvvət verən,
Səni gözləyirəm!
Ey Allahım, qalamsan,
10 Mənə məhəbbətini göstərirsən!
 
Ey Allah, imdad etmək üçün çıxacaqsan,
Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.
 
11 Ey Xudavənd, Sənsən sipərimiz!
Xalqımın yadında qalsın deyə
Düşmənləri qırma, lakin gücünlə
Onları dağıdaraq məğlub et.
12 Günahkar dillərinə görə,
Ağızlarının sözlərinə görə
Təkəbbürlülərin tələsinə özləri düşsünlər.
Yağdırdıqları lənətlərə görə,
Dedikləri yalanlara görə
13 Onları qəzəbinlə məhv et,
Məhv et, qoy bir nişanə qalmasın.
Qoy insanlar bilsinlər:
Allah səltənət sürür
Yaqub nəslinin üzərində,
Ta ucqarlara qədər yer üzərində.
Sela
 
14 Bu pis adamlar axşamüstü qayıdırlar,
Köpək kimi mırıldayırlar,
Şəhərdə sülənib-dolaşırlar.
15 Avara-avara gəzib yem axtarırlar,
Doyunca tapmasalar, gecə boyu ulayırlar.
 
16 Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm,
Sübh tezdən məhəbbətini mədh edəcəyəm.
Çünki Sən mənə qala olmusan,
Dar günümdə mənim pənahımsan.
17 Ey mənə qüvvət verən,
Səni tərənnüm edəcəyəm!
Ey Allahım, qalamsan,
Mənə məhəbbətini göstərirsən!

*^ 1Şam. 19:11