45
Məzmur 45
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Şoşannim» üstə oxunan maskili.
Sevgi nəğməsi
Qəlbim yaxşı sözlərlə çağlayır,
Qoy şeirlərimi padşahıma söyləyim,
Dilim mahir bir xəttatın qələminə oxşayır.
 
Bəşər övladlarının ən gözəli sənsən,
Dodaqlarından lətafətli sözlər tökülür,
Çünki Allah səni əbədilik xeyir-dualı edib.
Ey cəngavər, qılıncını belinə bağla,
Əzəmətini, ehtişamını göstər.
Həqiqət, itaətkarlıq və salehlik naminə
Döyüş arabasına qalx,
Əzəmətinlə uğur qazan.
Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
Nə itidir oxların,
Padşahın düşmənlərinin köksünə saplanır.
Xalqlar ayağının altına yıxılır.
 
* İbr. 1:8-9 Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,
Sənin şahlıq əsan insaf əsasıdır.
Salehliyi sevib pisliyə nifrət edirsən.
Ona görə Allah, sənin Allahın
Sevinc yağı ilə
Yoldaşlarından çox səni məsh edib.
Bütün paltarlarından
Mirra, əzvay və Çin darçınının ətri gəlir.
Fil dişindən olan saraylarından
Səni şənləndirən simli alətlərin sədası gəlir.
Şərəfə çatdırdığın qadınlar arasında
Şahzadə xanımlar da var.
Mələkə olacaq qız sağ qoluna girib,
Ofir qızıllarına bürünüb.
 
10 Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as,
Öz xalqını, ata evini unut.
11 Sənin gözəlliyin padşahı məftun etsin.
O sənin ağandır, ona itaət et.
12 Sur xalqı yanına hədiyyələr gətirəcək,
Xalqın varlıları səndən lütf istəyəcək.
 
13 Bu şah qızı sarayına cah-calalla gətirilir,
Paltarları qızıl tikmələrə bürünmüş.
14 Padşahın yanına əlvan libasda gətirilir,
Rəfiqələri sağdışı-soldışıdır.
15 Onlar sevinclə, şadlıqla gətirilir,
Padşahın sarayına girirlər.
 
16 Ey padşah, ata-baban kimi oğulların olacaq,
Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.
17 Adını nəsillərdən-nəsillərə çatdıracağam,
Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!

*45:6 İbr. 1:8-9