2
İsa iflicə şəfa verir
(Mat. 9:1-8; Luka 5:17-26)
1 Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı. 2 O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. 3 Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər. 4 Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. 5 İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». 6 Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: 7 «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 8 İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 9 Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? 10 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: 11 «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!» 12 Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».
Levi şagirdlərə qoşulur
(Mat. 9:9-13; Luka 5:27-32)
13 İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. 14 Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
15 İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. 16 Fariseylərdən olan ilahiyyatçılar* Fariseylərdən olan ilahiyyatçılar – bəzi əlyazmalarda İlahiyyatçılar və fariseylər. İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»† Yemək yeyir – bəzi əlyazmalarda yeyib-içir. 17 İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq‡ Çağırmaq – bəzi əlyazmalarda tövbəyə çağırmaq. üçün gəlmişəm».
Oruc barəsində sual
(Mat. 9:14-17; Luka 5:33-39)
18 Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?» 19 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. 20 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
21 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 22 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».
Şənbə günü haqqında təlim
(Mat. 12:1-8; Luka 6:1-5)
23 * Qanun. 23:25Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar. 24 Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?» 25 * Lev. 24:9; 1Şam. 21:1-6İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? 26 O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi». 27 Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb. 28 Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».