2
Kasıblara zülm edənlərin taleyi
1 Yatağında şər niyyətdə olanların,
Yamanlıq üçün qəsd quranların vay halına!
Onların gücü buna çatdığına görə
Ona səhər tezdən əməl edirlər!
2 Tarlalara tamah salıb mənimsəyirlər,
Evlərə göz dikib sahib dururlar.
Ev sahibi ilə ailəsinə zülm edirlər,
Adamları mirasından məhrum edirlər!
3 Buna görə də Rəbb belə deyir:
«Bu xalqa bəla gətirməyə hazırlaşıram,
Ondan boyun qaçıra bilməyəcəksiniz.
Siz bir daha dikbaş gəzməyəcəksiniz,
Çünki pis zaman gəlir.
4 O gün sizi lağa qoyub,
Belə yanıqlı mərsiyə oxuyacaqlar:
“Biz tamam məhv olduq!
Rəbb xalqımın payını dəyişdirdi,
Onu necə məndən uzaqlaşdırdı,
Tarlamızı satqınlara payladı”.
5 Buna görə ölkə yenə püşklə bölünsə də,
Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq».
Yalançı vaizlər
6 Adamlar deyir:
«Vəz etməyin,
Bu işlər barədə vəz etməyin,
Rüsvay olmayacağıq!»
7 Ey Yaqub nəsli, belə deyilirmi:
«Məgər Rəbbin səbri tükəndi?
O belə şeylər edərmi?»
Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi?
8 Dünən xalqım idiniz,
Bu gün isə Mənə düşmən oldunuz.
Müharibədən qayıdanların,
Yoldan sakit keçənlərin
Əynindən paltarlarını alıb
Onları soyursunuz.
9 Xalqımın qadınlarını
Rahat evlərindən qovursunuz,
Uşaqlarını Mənim verdiyim bərəkətdən
Əbədilik məhrum edirsiniz.
10 Qalxın gedin,
Çünki bura istirahət yeri deyil.
Bu yer murdarlandığına görə
Dəhşətli surətdə darmadağın olacaq.
11 Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə:
«Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq»,
Bu adam xalqın vaizi olar!
Rəbbin ümid vədi
12 Ey Yaqub övladları,
Mən mütləq hamınızı bir yerə yığacağam,
İsrailin sağ qalanlarını toplayacağam.
Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam.
Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.
13 Azad edən qalxacaq,
Sağ qalanların yolunu açacaq.
Onlar darvazanı qıracaq,
Oradan keçib-çıxacaq.
Padşahları onların qabağında gedəcək,
Rəbb önlərində gedəcək.