10
İsa yetmiş nəfəri vəz etməyə yollayır
(Mat. 10:5-16; 11:21-24; Mark 6:7-13; Luka 9:1-6)
1 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş* Yetmiş – bəzi əlyazmalarda yetmiş iki. nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 2 * Mat. 9:37-38; Yəh. 4:35Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 3 * Mat. 10:16Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 4 Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. 5 Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. 6 Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. 7 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. 8 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 10 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 11 “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 12 Sizə bunu deyirəm: qiyamət günü† Qiyamət günü – hərfi tərcümədə o gün. Sodomun halı o şəhərin halından daha asan olacaq.
13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. 14 Amma qiyamət günü‡ Qiyamət günü – hərfi tərcümədə mühakimədə. Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 15 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.
16 * Mat. 10:40; Mark 9:36-37; Luka 9:47-48; Yəh. 13:20Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».
Yetmiş şagird qayıdır
17 Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» 18 İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. 19 * Zəb. 91:13Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. 20 Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».
İsanın sevinci
(Mat. 11:25-27; 13:16-17)
21 İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 22 * Yəh. 1:18; 3:35; 10:15Atam§ Atam – bəzi əlyazmalarda Şagirdlərə sarı dönüb onlara dedi: «Atam… tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».
23 Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! 24 Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
Xeyirxah Samariyalı
25 * Mat. 22:35-40; Mark 12:28-34Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» 26 İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» 27 * Lev. 19:18; Qanun. 6:5Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». 28 * Lev. 18:5İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». 29 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 31 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 35 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 36 Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 37 Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
İsa Marta və Məryəmin evində
38 * Yəh. 11:1İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. 39 Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. 40 Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». 41 Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. 42 Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».
*10:1 Yetmiş – bəzi əlyazmalarda yetmiş iki.
†10:12 Qiyamət günü – hərfi tərcümədə o gün.
‡10:14 Qiyamət günü – hərfi tərcümədə mühakimədə.
*10:16 Mat. 10:40; Mark 9:36-37; Luka 9:47-48; Yəh. 13:20
§10:22 Atam – bəzi əlyazmalarda Şagirdlərə sarı dönüb onlara dedi: «Atam…
*10:25 Mat. 22:35-40; Mark 12:28-34