4
Günah qurbanı
Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin.
Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin. Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin. Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin. Kahin barmağını qana batıraraq Rəbbin hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin. * Say. 15:27-28 Sonra kahin Hüzur çadırında, Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən piyi və üstündəki bütün piyi, belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 10 Bunların hamısı ünsiyyət qurbanı olan mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan qurbangahda tüstülədib yandırsın. 11 Buğanın dərisini, başından budlarına qədər bütün ətini – içalatını, bağırsaqlarını, 12 hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.
13 Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar, 14 işlədikləri günah aşkara çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin. 15 İcmanın ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər. 16 Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin. 17 Kahin barmağını qana batırıb Rəbbin hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin. 18 Sonra kahin Hüzur çadırında Rəbbin önündəki qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. 19 Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın; 20 günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın. 21 Sonra kahin buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən günah qurbanıdır.
22 Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini bilmədən pozub təqsirkar olsa, 23 işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə gətirsin; 24 əlini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə onu kəssin. Bu, günah qurbanıdır. 25 Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini isə həmin qurbangahın altlığına töksün. 26 Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o bağışlansın.
27 Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq bilmədən günah işlədib bu günahda təqsirkar olsa, 28 işlətdiyi günah özünə aşkar olanda qoy o, günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin 29 və əlini günah qurbanının başına qoyub bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin. 30 Sonra kahin barmağı ilə qurbanın qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün. 31 Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın.
32 Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o, qüsursuz dişi heyvan gətirsin 33 və əlini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin. 34 Sonra kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün. 35 Sonra o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.

*4:7 Say. 15:27-28