38
Yeremyanın quyuya atılması
1 Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi: 2 «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”. 3 Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”». 4 Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». 5 Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». 6 O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.
7 Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu. 8 Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi: 9 «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». 10 Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart». 11 Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar. 12 Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi. 13 Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.
Sidqiyanın yenə Yeremyaya sual verməsi
14 Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə». 15 Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan». 16 Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».
17 Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan. 18 Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”». 19 Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər». 20 Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar. 21 Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir: 22 Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək:
“Güvəndiyin adamlar səni aldadıb
Məğlubiyyətə düçar etdi.
Ayaqların palçığa batanda
Onlar səni qoyub qaçdı”.
23 Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».
24 Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən. 25 Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə, 26 onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».
27 Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi. 28 * Yez. 33:21 Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.