60
Sionun şərəfli gələcəyi
Qalx, işıqlan, çünki nurun gəldi,
Rəbbin izzəti üzərinə gəldi!
Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək.
Amma Rəbb üzərinə nur saçacaq,
İzzəti səni əhatə edəcək.
* Vəhy 21:24 Millətlər sənin nuruna,
Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək.
 
Qaldır başını, bax ətrafına,
Hamı yığılıb yanına gəlir!
Oğulların uzaqdan gəlir,
Qızların qucaqda gətirilir.
O vaxt bunu görüb üzün nur saçacaq,
Ürəyin sevincdən tez-tez çırpınacaq.
Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək,
Millətlərin sərvəti sənə gələcək.
Dəvə sürüləri, Midyan və Efa köşəkləri
Torpaqlarını dolduracaq.
Bütün Səba xalqı gəlib
Qızıl və kündür gətirəcək,
Rəbbə həmdlər söyləyəcək.
Qedarın bütün qoyun sürüləri yanına yığılacaq,
Nevayotun qoçları sənin əlinin altında olacaq,
Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək.
Şərəfli evimi daha da izzətləndirəcəyəm.
 
Kimdir bunlar, bulud kimi,
Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər?
Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə
Tarşiş gəmiləri başda olmaqla
Allahın Rəbbin şərəfinə,
Səni ucaldan İsrailin Müqəddəsi üçün
Sənin övladlarını qızıl-gümüşü ilə
Uzaqdan gətirən gəmilərdir bunlar.
10 Əcnəbilər divarlarını tikəcək,
Padşahları sənə xidmət edəcək.
Qəzəbimdə səni vurdumsa da,
Lütfümlə sənə mərhəmət edəcəyəm.
11  * Vəhy 21:25-26 Darvazaların həmişə açıq qalacaq,
Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki,
Millətlərin sərvəti sənə təqdim olunsun,
Padşahları yanına gətirilsin.
12 Çünki sənə xidmət etmək istəməyən
Millət ya padşahlıq məhv olacaq,
Bəli, o millətlər tamamilə yox olacaq.
 
13 Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları
Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün
Birgə yanına gətiriləcək,
Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
14  * Vəhy 3:9 Sənə zülm edənlərin övladları
Gəlib önündə təzim edəcək.
Sənə həqarətlə baxanların hamısı
Ayaqlarına düşüb səcdə edəcək.
Sənə Rəbbin şəhəri,
İsrailin Müqəddəsinin Sionu deyəcəklər.
 
15 Səni tərk edib nifrət etdilər,
Yanından heç kim keçmirdi,
İndi isə Mən səni əbədi fəxr,
Nəsillər boyu sevinc edəcəyəm.
16 Millətlər və padşahlar
Bir ana kimi sənə süd verəcəklər.
O vaxt biləcəksən ki, səni qurtaran Rəbb,
Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
 
17 Sənə tunc əvəzinə qızıl,
Dəmir yerinə gümüş,
Ağac yerinə tunc,
Daş əvəzinə dəmir gətirəcəyəm.
Əmin-amanlığı başçın,
Salehliyi hökmdarın təyin edəcəyəm.
18 Ölkəndən zorakılıq,
Sərhədlərindən viranəlik,
Qırğın xəbəri gəlməyəcək.
Divarlarını «Xilas»,
Darvazalarını «Həmd» adlandıracaqsan.
19  * Vəhy 21:23; 22:5 Artıq gündüz günəş sənin işığın olmayacaq,
Gecə ay sənə aydınlıq verməyəcək.
Çünki Rəbb əbədi nurun,
Allahın sənin şöhrətin olacaq.
20 Günəşin batmayacaq, ayın gizlənməyəcək,
Çünki Rəbb əbədi nurun olacaq,
Sənin yaslı günlərin qurtaracaq.
21 Bütün xalqın saleh olacaq,
Torpağı əbədi mülk olaraq alacaq.
Onlar əkdiyim fidandır,
Şöhrətimi göstərmək üçün əlimin işidir.
22 Ən kiçik ailədən böyük nəsil törəyəcək,
Azsaylı nəsil qüdrətli millət olacaq.
Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm.

*60:3 Vəhy 21:24

*60:11 Vəhy 21:25-26

*60:14 Vəhy 3:9

*60:19 Vəhy 21:23; 22:5