48
Yaqubun Efrayimə və Menaşşeyə xeyir-dua verməsi
1 Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə götürdü. 2 Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb yatağı üstündə oturdu. 3 * Yar. 28:13-14 Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi. 4 O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”. 5 İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq. 6 Onlardan sonra sənin üçün doğulan uşaqlar isə səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq. 7 * Yar. 35:16-19 Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım».
8 İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?» 9 Yusif atasına dedi: «Allahın burada mənə verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim». 10 İsrail artıq qocalmış, gözləri zəifləmişdi və görə bilmirdi. Yusif oğullarını atasının yanına apardı və atası onları öpüb qucaqladı. 11 Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin övladlarını da göstərdi». 12 Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun qarşısında üzünü yerə qoyaraq səcdə etdi. 13 Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı. 14 İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi. 15 İsrail Yusifə xeyir-dua verərək belə dedi:
«Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah,
Bu günə qədər mənim qayğıma qalan Allah,
16 Məni bütün pisliklərdən xilas edən Mələk
Qoy bu uşaqlara da xeyir-dua versin!
Onlar mənim adımla,
Atalarım İbrahim və İshaqın
Adı ilə çağırılsın,
Yer üzündə çoxaldıqca çoxalsın!»
17 Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi. 18 Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil». 19 Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq». 20 * İbr. 11:21 O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi:
«İsrail nəsli
“Qoy Allah səni
Efrayim və Menaşşe kimi etsin”
Deyərək sizin adınızla
Xeyir-dua verəcək».
Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu. 21 İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq. 22 Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam».