15
Şaulun daha bir itaətsizliyi
* 1Şam. 10:1 Şamuel Şaula dedi: «Rəbb məni göndərdi ki, Öz xalqı İsrail üzərində padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə, * Çıx. 17:8-14; Qanun. 25:17-19 Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam. İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”».
Şaul xalqı çağırdı və onları Telaimdə saydı: iki yüz min piyada əsgərlə bərabər Yəhudadan on min nəfər var idi. Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu. O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar.
Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı. Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi. Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi.
10 Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu: 11 «Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi. 12 O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi».
13 Şamuel Qilqala, Şaulun yanına gəldi. Şaul ona dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim». 14 Şamuel isə dedi: «Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?» 15 Şaul dedi: «Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi». 16 Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış».
17 Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi? 18 Rəbb səni yürüşə göndərib dedi: “Günahkarları – Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş”. 19 Bəs nə üçün Rəbbin sözünə itaət etmədin, qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün?» 20 Şaul Şamuelə dedi: «Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, Amaleqliləri isə tamamilə məhv etdim. 21 Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin». 22 Şamuel isə dedi:
«Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər
Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi?
Bax itaət etmək qurbandan,
Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.
23 Çünki üsyankarlıq falçılığa bərabər günahdır,
İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir.
İndi ki sən Rəbbin sözünü rədd etdin,
O da səni padşahlıqdan rədd etdi».
24 Şaul Şamuelə dedi: «Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım. 25 Rica edirəm, günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım». 26 Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi».
27 Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu. 28 Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi. 29 İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin». 30 Şaul dedi: «Günaha batdım. Rica edirəm, indi xalqımın ağsaqqalları və İsrail qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allahın Rəbbə səcdə qılım». 31 Şamuel Şaulun arxasınca geri qayıtdı və Şaul Rəbbə səcdə qıldı.
32 Şamuel dedi: «Amaleq padşahı Aqaqı buraya – mənim yanıma gətirin». Aqaq isə onun yanına tərəddüd içində gəldi. Aqaq öz-özünə deyirdi: «Görəsən acı ölüm məni mütləq haqlayıbmı?» 33 Şamuel dedi: «Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında beləcə övladsız qalacaq». Şamuel Qilqalda – Rəbbin önündə Aqaqı doğradı.
34 Sonra Şamuel Ramaya getdi, Şaul isə Giveadakı evinə qalxdı. 35 Şamuel ölənə qədər daha Şaulu görmədi, çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahı etdiyinə peşman olmuşdu.

*15:1 1Şam. 10:1

*15:2 Çıx. 17:8-14; Qanun. 25:17-19