10
Səba mələkəsinin Süleymanın yanına gəlməsi
(2Saln. 9:1-12)
* Mat. 12:42; Luka 11:31 Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. Səba mələkəsi Süleymanın bütün hikmətini və onun tikdiyi sarayı, süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını görəndə daha özünü saxlaya bilmədi. O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür. Sənin adamların nə bəxtiyardır, bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. Allahın Rəbbə alqış olsun ki, səni istəyib İsrail taxtında oturtdu! Rəbb İsrailə olan əbədi sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni padşah qoydu». 10 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər çox ətriyyat hələ heç vaxt gəlməmişdi.
11 Ofirdən qızıl gətirən Xiramın gəmiləri oradan çoxlu ardıc ağacı və qiymətli daşlar gətirdi. 12 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün sürahi, musiqiçilər üçün lira və çəng düzəltdi. Heç vaxt bu qədər ardıc ağacı gəlməmişdi və bu günə qədər görünməmişdi. 13 Padşah Süleymanın öz səxavətinə görə Səba mələkəsinə verdiklərindən başqa, padşah onun arzuladığı və istədiyi bütün şeyləri verdi. O da adamları ilə birgə qayıdıb öz ölkəsinə getdi.
Padşah Süleymanın var-dövləti
(2Saln. 9:13-28)
14 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. 15 Alver edən adamlardan, tacirlərin ticarətindən, bütün Ərəb padşahlarından və ölkənin valilərindən gələn qızıl buraya daxil deyildi. 16 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel qızıl işləndi. 17 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi. Bir qalxana üç mina qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.
18 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü. 19 Taxtın altı pilləsi var idi. Arxa tərəfdən taxtın başı dəyirmi idi. Oturacağın hər iki tərəfində qollar var idi, qolların yanında iki şir təsviri var idi. 20 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə şey yox idi. 21 Padşah Süleymanın bütün içki qabları qızıldan idi, «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Gümüşdən heç bir şey yox idi, çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı. 22 Padşahın dənizdə Xiramın gəmiləri ilə birgə Tarşiş gəmiləri * Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri. var idi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.
23 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. 24 Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün hamı onun üzünü görmək istəyirdi. 25 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl və gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.
26  * 1Pad. 4:26 Süleyman döyüş arabaları və süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 27  * Qanun. 17:17 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 28  * Qanun. 17:16 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdılar. 29 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib, Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdılar.

*10:1 Mat. 12:42; Luka 11:31

*10:22 Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.

*10:26 1Pad. 4:26

*10:27 Qanun. 17:17

*10:28 Qanun. 17:16